Qaxda Yeni ilin gəlişi böyük ruh yüksəkliyi ilə qeyd olunub VİDEO
Qax, 29 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Ömrümüzün bir ili də beləcə tarixə qovuşur. Ötən hər bir il müstəqil Azərbaycanın həyatında yüksəliş dövrü kimi öz izini qoyur. Yola saldığımız 2017-ci il də xalqımız üçün uğurlu və əlamətdar olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər bir guşəsində olduğu kimi, Qax rayonunda da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi böyük sevinc və ruh yüksəkliyi ilə qeyd edilib.
Əlamətdar bayramlar münasibətilə dekabrın 29-da Qax şəhərinin mərkəzindəki meydanda ümumrayon şənliyi keçirilib.
Bayramsayağı bəzədilən meydanın mərkəzində qurulan hündür yolka ağacının ətrafında keçirilən tədbirdə yola saldığımız 2017-ci ilin ölkəmiz üçün bir çox əlamətdar hadisələrlə zəngin bir il olduğu vurğulanıb.
Yeni ilin personajları - Şaxta baba və Qar qızın şənliyə gəlişi hamının, xüsusilə də uşaqların böyük sevincinə səbəb olub. Şaxta baba şənlik iştirakçılarına Yeni il arzularını çatdırıb, uşaqları bayram hədiyyələri ilə sevindirib.
Bayram şənliyi rayonun musiqi və rəqs kollektivlərinin, həmçinin paytaxtdan gəlmiş ifaçıların rəngarəng konsert proqramı ilə başa çatıb.