Ötən il “Qalaaltı” müasir müalicə-istirahət kompleksinin xidmətlərindən 55 mindən çox turist faydalanıb VİDEO









Şabran, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonu ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin xidmətlərindən ötən il 55 min 300 nəfər istifadə edib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən istirahət kompleksində dincələnlərin təxminən 11 faizi əcnəbilər olub. Xarici qonaqlar arasında Rusiyadan gələn turistlər çoxluq təşkil edib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində isə müalicə-istirahət kompleksi 1750 nəfər turist qəbul edib. Bu, dekabrın 31-dən yanvarın 4-dək qeydə alınan göstəricidir.
Bakıdan cəmi 127 kilometr məsafədə yerləşən bu kompleksin eyni vaxtda 354 nəfəri qəbul edə biləcək yüksək səviyyəli otel, villa və kottecləri var.
“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksində xidmətlər üçün sifarişləri həm onlayn, həm də yerində vermək mümkündür.
Otel binası müasir standartlara uyğun 171 otaqdan ibarətdir. Kompleksdə həftəiçi iki nəfərə bir günlük xidmət haqqı 126 manat təşkil edir. Bura gün ərzində 3 dəfə yemək, fitness zal, türk hamamı, buxar otağı, sauna, qapalı hovuzdan istifadə və digər xidmətlər daxildir.
Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Burada qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur təbii sular əsasında müalicəvi tibbi xidmətlər təqdim olunur. Müalicəvi xüsusiyyətlərinə görə dünyada tanınan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur.
Müştərilərə müalicə ilə yanaşı, geniş əyləncə xidmətləri də təklif edilir.