REGİONLAR
Nəcib aksiya: Xaçmaz məktəbliləri yararsız enerji batareyalarını niyə toplayır? VİDEO
Xaçmaz, 22 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın Qalağan kənd tam orta məktəbinin şagirdlərinin başladığı kampaniya maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilər bu ilin əvvəlindən başlayaraq məişətdə istifadə olunmuş yararsız enerji batareyalarını toplayırlar. Tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirini azaltmaq məqsədi daşıyan aksiya çərçivəsində artıq 200-dən çox batareya yığılıb. Məktəblilər evlərindəki istifadə müddəti bitmiş, eləcə də küçədə gördükləri batareyaları toplayaraq məktəbin qarşısında qoyulmuş xüsusi qutuya atırlar.
Məktəbin direktoru, ixtisasca fizika müəllimi olan Cavanşir Rəsulov bildirib ki, tərkibi bir sıra kimyəvi maddələrdən təşkil olunan batareyalar təbiətə atıldıqda metal örtüyü dağılır, həmin maddələr qrunt sularına və torpağa qarışır. Nəticədə bitkilərə, heyvanlara ümumiyyətlə, bütün ekosistemə ziyan dəyir. Təcrübələr nəticəsində sübut edilib ki, içməli su hövzələrinə atılmış iki ədəd adi batareya 1000 litr suyu istifadə üçün yararsız hala salır.
“Əlbətdə bir məktəbin kiçik təşəbbüsü qlobal problemin aradan qaldırılmasında mühüm rol oynamır. Amma hər bir kəs yaşadığı ərazini elektron tullantılardan təmizləyərsə, böyük bir problemin həllində pay sahibi ola bilər”, - deyə Cavanşir Rəsulov vurğulayıb.
Məktəblilər topladığı batareyaları tullantıların utilizasiyası ilə məşğul olan xüsusi müəssisələrə təhvil vermək istəyirlər.
Mütəxəssislər hesab edirlər ki, batareyaların təbiətə atılması zəhərlənmələrlə yanaşı, onkoloji, böyrək və qaraciyər xəstəliklərinə də yol açır. Batareyaların tərkibindəki maddələrin bəzilərinin özüpartlama xüsusiyyətinə malik olması təhlükəni artıran amillərdəndir. Bir çox ölkələrdə belə tullantıların utilizasiyası ilə məşğul olan xüsusi müəssisələr fəaliyyət göstərir. Batareyaları təbiətlə təmasdan qorumağın ən yaxşı yolu onları toplayaraq təkrar istehsala cəlb etməkdir.