Gənc jurnalistlər Qubada təlimlərə cəlb edilib VİDEO
Quba, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənc Əkinçi Akademiyası-3” layihəsinin icrasına başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 1-də Qubada layihənin açılış və təqdimat mərasimi keçirilib.
Tədbirdə bildirilib ki, layihənin məqsədi virtual məkanda ölkə maraqlarının qorunması prosesinə gənc jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin, kütləvi informasiya agentliklərinin cəlb edilməsi, onlar arasında əlaqələrin möhkəmlənməsinə, internet üzərində mövcud informasiya bazasının genişləndirilməsinə nail olmaqdır. Əsas hədəflərdən biri də milli mətbuatımızın bünövrəsi olan “Əkinçi” qəzetinin zəngin ənənələrinin yaşadılması və gənclər arasında təbliğidir.
Diqqətə çatdırılıb ki, “İrəli” İB artıq üçüncü dəfədir “Gənc Əkinçi Akademiyası” layihəsini həyata keçirir. Layihə 2015-ci ildə İsmayıllı, 2017-ci ildə isə Quba rayonunda icra olunub. Akademiyanın əsas hədəflərindən biri milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir. 2015-ci il iyul ayının 22-si, Milli Mətbuat Günündə “Gənc Əkinçi” qəzetinin ilk nömrəsi 4000 tirajla çapdan çıxıb.
Bu kimi layihələr jurnalistlərin peşəkarlıqlarını daha da artırmaqla onların nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da öz sözünü deyən KİV nümayəndələrinə çevrilməsinə, sağlam rəqabət aparma bacarığına sahib olmalarına kömək olur.
Açılış mərasimində bildirilib ki, Azərbaycanda gedən sürətli inkişaf prosesini işıqlandıran media nümayəndələri dünyanın qabaqcıl KİV nümayəndələrindən heç də geri qalmır. Prezident İlham Əliyevin Azərbaycan jurnalistikasına göstərdiyi diqqət və qayğı, yaradılan şərait bu sahənin sürətli inkişafına zəmin yaradır.
Layihə barədə məlumat verildikdən sonra jurnalistikaya dair fərqli mövzularda təlimlərə başlanılıb.
Gənc jurnalistlərin cəlb olunduğu təlim və seminarlar, praktiki məşğələlər, eyni zamanda simulyasiya oyunları peşəkar mütəxəssislər tərəfindən keçirilir.