11 noyabr - Dünya Keyfiyyət Günüdür
Bakı, 10 noyabr (AZƏRTAC). Müasir dövrdə keyfiyyət məsələləri ilə məşğul olmayan ölkə adı çəkmək qeyri-mümkündür. Bu gün keyfiyyət problemləri ilə hamı - iqtisadçılar, sosioloqlar, siyasətçilər, ekoloqlar və s. məşğul olurlar.
XX əsrin əvvəllərində sənaye ölkələri sırasında iqtisadiyyatda keyfiyyət amili uğrunda mübarizə daha çox Yaponiya və ABŞ arasında gedirdi. Bu mübarizə məişət cihazları və avtomobil sənayesində müşahidə olunurdu ki, nəticəsi Yaponiyanın qələbəsi ilə bitdi. Həmçinin Yaponiya bütün dünyaya sübut etdi ki, malın dəyərini, qiymətini azaltmaqla keyfiyyəti qoruyub saxlamaq mümkündür.
XX əsrin sonlarında isə beynəlxalq aləm keyfiyyətin idarə edilməsi məsələləri ilə məşğul olmağa başladı. Bununla bağlı beynəlxalq standartlar qəbul edildi. Ginnesin “Rekordlar” kitabına düşmüş İSO 9000 seriyalı standartlar da bu qəbildən idi.
Bu gün isə aktual olan başqa məsələlər var. Cəmiyyət onların həlli ilə məşğul olur. İnsan üçün keyfiyyət amili onun fiziki və mənəvi sağlamlığı ilə, təhlükəli və zərərli faktorlardan qorunması ilə ölçülür. Halbuki bütün bunları da elə insan özü yaradır.
Azərbaycan dövləti üçün vətəndaşların keyfiyyətli mal, məhsul və xidmətlərlə təminatı, bu təminatın günbəgün yüksəldilməsi başlıca məqsəddir. Hazırda müasir dünyada keyfiyyət amili, keyfiyyət infrastrukturunun öz səciyyəvi prinsipləri var. Bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşı istehlak etdiyi məhsulun növünü, çeşidini seçməklə yanaşı, onun keyfiyyətinə də xüsusi diqqət yetirir. Cəmiyyətin inkişafında zəncirvarı, yəni bir-biri ilə əlaqəli meyillər müşahidə olunduğu üçün istehsalçılar da keyfiyyət amilinə, standartların tələblərinə xüsusi həssaslıqla yanaşırlar. Bu ənənə artıq formalaşmışdır. Müasir dövrdə keyfiyyət istehsalçıların, sahibkarlığın, ümumiyyətlə, əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilmişdir.
Respublikamızda istehsalın səmərəliliyi və rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər, son illər ölkəmizdə yaradılan müasir emal müəssisələrinin istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsulları xalq tərəfindən rəğbətlə qarşılanır. Regionlarda açılan yeni müəssisələrdə beynəlxalq standartlar tətbiq edilməklə, müasir avadanlıqlardan istifadə sayəsində istehsal səviyyəsi artırılmışdır. Məhz bütün bunlar da keyfiyyət infrastrukturunu müəyyənləşdirir.
Respublikanın ixrac imkanlarının genişlənməsi, yerli sənayedə rəqabətin gücləndirilməsi, ölkələrarası ticarət əlaqələrinin inkişafı istehlakçıların həyat və sağlamlıqlarının qorunmasından asılıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu sahəyə xüsusi diqqət yetirir, əhalinin keyfiyyətli məhsullarla təminatını başlıca prinsip hesab edir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, BMT-nin dəstəyi və Avropa Keyfiyyət Təşkilatının təşəbbüsü ilə 1990-cı ildən indiyədək hər il Dünya Keyfiyyət Günü qeyd olunur. Bu dəfə Dünya Keyfiyyət Günü cari ilin noyabrın 11-nə təsadüf edir.
Komitə Dünya Keyfiyyət Günündə bütün vətəndaşlara keyfiyyət infrastrukturunun formalaşmasında həmrəylik arzu edir.