Praqada Faiq Sücəddinovun yaradıcılıq axşamı
Praqa, 31 may, AZƏRTAC
Çexiya paytaxtının mərkəzində - Köhnə Praqadakı “Lapidarium” qalereyasında Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinovun yaradıcılıq axşamı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Praqadakı Azərbaycan Mədəniyyət Evi tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və ölkəmizin Çexiyadakı səfiri Yaşar Əliyevin iştirakı ilə baş tutub.
Faiq Sücəddinov Vətənə və sevgiyə həsr olunmuş orijinal əsərlərini tədbir iştirakçılarına təqdim edib. Dinləyicilərə yaxşı tanış olan musiqi bəstəkarın ifası ilə birləşərək zalda səmimiyyət və mənəvi yaxınlıq ab-havası yaradıb.
Proqramın ən təsirli anlarından biri də Azərbaycanın Xalq artisti Əlixan Səmədovun balaban solosu ilə tamamlanan “Vətən” kompozisiyasının ifası olub. Onun bu çıxışı tamaşaçılarda güclü emosional reaksiya oyandırıb.
Yaradıcılıq axşamının ən diqqətəlayiq məqamı - Azərbaycanın Xalq artisti Kərim Kərimovun ifasında piano və nağara arasında musiqi dialoqu tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Proqramın daha bir diqqətəlayiq məqamı sözləri Leyla Bəyimə məxsus olan “Sevgi mahnısı” əsərinin premyerası olub. Əsəri “Qaya” ansamblının solisti Şölə Səfərəliyeva ifa edib və onun ifası tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Yaradıcılıq axşamında Leyla Bəyim bəstəkarın müşayiəti ilə Qarabağa həsr olunmuş şeirindən bir parça oxuyub. Bu epizod görüşün ən emosional anlarından birinə çevrilib.
Konsertdən sonra tamaşaçılar uzun müddət musiqiçilərlə ünsiyyət qurub, Faiq Südcəddinova minnətdarlıqlarını bildirib, həmçinin onunla söhbət edib və xatirə şəkilləri çəkdiriblər.
Tədbirin keçirildiyi məkan konsertə xüsusi ovqat qatıb. Belə ki, Azərbaycanda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində məhz Barokko irsi ilə müasir incəsənəti mükəmməl şəkildə birləşdirən memarlıq abidəsi olan “Lapidarium” qalereyasında Azərbaycan bəstəkarının Vətəninə, xalqının mədəniyyətinə və mənəvi dəyərlərinə olan sevgisinə həsr olunmuş musiqi gecəsi keçirilib.