Praqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert təşkil edilib
Praqa, 31 may, AZƏRTAC
Azərbaycan Diasporuna Dəstək Fondunun və “Land of Fire” cəmiyyətinin təşkilatçılığı ilə Çexiyanın paytaxtı Praqada 28 May - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanın xalq artistləri – bəstəkar Faiq Sücəddinov və Əlixan Səmədov, əməkdar artistlər Şölə Səfərəliyeva, Kamran Kərimov və Elnur Mikayılov, “Simurq” Muğam Ansamblı, tanınmış muğam ifaçısı, xanəndə Mirələm Mirələmov, eləcə də Çexiyada 2020-ci ildə “İlin adamı” seçilmiş skripka ifaçısı Canel Nəcəfli iştirak ediblər.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, İspaniya, Bosniya və Herseqovina, həmçinin İtaliya səfirliklərinin əməkdaşları, siyasi və mədəniyyət xadimləri, Praqa şəhərinin qonaqları və Azərbaycanın dostları iştirak ediblər.
Ölkəmizin zəngin musiqi irsini və milli-mədəni dəyərlərini özündə əks etdirən konsert proqramı iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Azərbaycan mədəniyyətinin zənginliyi, muğam sənətinin bənzərsizliyi və milli ifaçılıq ənənələrinin yüksək səviyyədə təqdimatı qonaqlarda dərin təəssürat yaradıb.
Konsert Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəni əməkdaşlığın inkişafına töhfə verən əlamətdar sənət hadisəsi kimi yadda qalıb.