Səməd Vurğunun yubileyinə həsr olunmuş konsertdə şagirdlərin ifasında əsərlər səsləndirilib
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Səməd Vurğunun ev-muzeyinin və Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə muzeydə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Poeziya və musiqinin Vurğun ruhunda əbədi qovuşması” adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə şagirdlərin ifasında Ü.Hacıbəyli, F.Əmirov, T.Quliyev, V.A.Motsart, F.Şopen, İ.S.Bax, S.Prokofyev və digər görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Musiqi nömrələri arasında şagirdlər Səməd Vurğunun şeirlərini bədii qiraətlə təqdim edib, sonda şairin aforizmləri dinlənilib.