Çində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub
Bakı, 31 may, AZƏRTAC
Çinin Suzhou şəhərində yerləşən Suzhou Singapore International School (SSIS) tərəfindən təşkil olunan ənənəvi Beynəlxalq Ailə Günü (International Family Day) tədbirində Azərbaycan da uğurla təmsil olunub.
AZƏRTAC xəbər verir ki, bu il Azərbaycan stendi Suzhou şəhərində yaşayan azərbaycanlıların təşəbbüsü ilə təşkil edilib. Stendin hazırlanması və təqdimat işlərində Solmaz Əsədzadə, Rüfət Əsədzadə, Xədicə Qasımova, Fidan Qasımova və Çiçək Quliyeva fəal iştirak ediblər.
Tədbirin təşkilində və Azərbaycanın layiqli şəkildə təqdim olunmasında Azərbaycanın Çindəki səfirliyi də yaxından dəstək göstərib. Səfirliyin təqdim etdiyi milli atributlar, tanıtım materialları və digər dəstək vasitələri Azərbaycan guşəsinin daha zəngin və cəlbedici şəkildə qurulmasına mühüm töhfə verib.
Azərbaycan guşəsində ölkəmizin zəngin mədəni irsi, milli dəyərləri və kulinariya nümunələri xarici qonaqlara təqdim olunub. Stend Azərbaycan bayrağı, milli atributlar və ölkəmizin turizm potensialını əks etdirən materiallarla bəzədilib. Tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verilib, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı barədə təqdimatlar keçirilib.
Gün ərzində yüzlərlə xarici qonaq Azərbaycan stendini ziyarət edib, milli mətbəximizlə tanış olub və ölkəmiz haqqında məlumat əldə edib. Xüsusilə Azərbaycan mətbəxinə, milli musiqisinə və mədəniyyətinə böyük maraq göstərilib. Qonaqlar Azərbaycan haqqında məlumatlandırılıb, ölkəmizin qonaqpərvərlik ənənələri və zəngin mədəni irsi nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan milli musiqisi və rəqsləri də təqdim olunub. Məktəbin müxtəlif ölkələri təmsil edən şagirdləri, valideynləri və qonaqları Azərbaycan mədəniyyətini yaxından tanımaq imkanı əldə ediblər.
Təşkilatçılar bildiriblər ki, belə beynəlxalq tədbirlər Azərbaycanın dünyada tanıdılması, mədəniyyətimizin təbliği və müxtəlif xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təqdimat ölkəmizin müsbət imicinin formalaşdırılmasına və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasına öz töhfəsini verib.
Azərbaycan stendinin iştirakçılar tərəfindən böyük maraqla qarşılanması ölkəmizin zəngin mədəniyyətinin beynəlxalq mühitdə tanıdılması istiqamətində uğurlu addımlardan biri kimi qiymətləndirilir.
Qeyd edək ki, hər il minlərlə insanın iştirak etdiyi tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən ailələr öz milli mədəniyyətlərini, adət-ənənələrini və mətbəxlərini təqdim edirlər. Tədbirdən əldə olunan gəlir isə yerli və beynəlxalq xeyriyyə təşəbbüslərinə yönəldilir.