“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı kitab sərgisi açılıb
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Milli Kitabxanada “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Milli Kitabxanadan AZƏRTAC-a verilən məlumat görə, ənənəvi kitab sərgisində uşaq ədəbiyyatı, nağıllar, ensiklopediyalar, uşaq hüquqları haqqında rəsmi sənədlər, uşaqların hüquq və azadlıqları, dövlət siyasətinin əsas prinsipləri, uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu, təhsili, uşaq və yeniyetmələrlə sosial iş, sosial təhlükəsizlik, uşaq ədəbiyyatı və sair mövzuları əhatə edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və kitablar nümayiş etdirilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün təkcə bayram deyil, həm də məsuliyyət günüdür. Bu günün mahiyyəti sadəcə uşaqlara hədiyyə verməkdən ibarət deyil, bu tarix bütün dünyaya çağırışdır.
İlk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyannamə 1924-cü ildə qəbul edilib.
Bütün sahələrdə olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti də bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu böyük işlər görür. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan olan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının inkişafına dəstək göstərilməsində mühüm rola malikdir.
Dövlətimiz uşaq siyasəti ilə bağlı gördüyü işlərdə onların şəxsiyyət kimi formalaşmasına xüsusi önəm verir. Məktəblər, mədəniyyət və idman müəssisələri, yaradıcılıq mərkəzləri uşaqların inkişafı üçün geniş imkanlar yaradır. Uşaqların hüquqları və təhlükəsizliyi daim qorunur, zorakılıq və ayrı-seçkiliyə qarşı ciddi tədbirlər görülür.