İsveçin Höteborq şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Stokholm, 31 may, AZƏRTAC
İsveçin Höteborq şəhərində Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Höteborq üzrə koordinatoru, eyni zamanda, Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcafova xalqımızı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. O, Azərbaycan dövlətçiliyinin əhəmiyyətindən, xaricdə yaşayan soydaşlarımızın milli dəyərlərimizin qorunması və təbliğindəki rolundan bəhs edib.
Həmçinin çıxış edən Güney Azərbaycandan olan soydaşımız Eldar Qaradağlı Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik edib, Azərbaycanın müstəqilliyinin xalqımız üçün tarixi əhəmiyyətini vurğulayaraq, birlik və həmrəylik mesajları səsləndirib.
Şəhərin mərkəzində açıq havada təşkil olunan tədbir yerli sakinlər və müxtəlif ölkələrdən olan qonaqlar tərəfindən maraqla qarşılanıb. Tədbir çərçivəsində iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dövlətçilik ənənələri və 28 May - Müstəqillik Gününün əhəmiyyəti barədə məlumat verilib, İsveç dilində hazırlanmış məlumatlandırıcı broşürlər paylanıb.
Tədbirin bədii hissəsində “Xarı Bülbül” rəqs qrupunun təqdim etdiyi milli rəqslər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Həmçinin uşaqlar tərəfindən Vətənə, Azərbaycana, eləcə də milli-mənəvi dəyərlərimizə həsr olunmuş şeirlər səsləndirilib. Tədbir çərçivəsində Azərbaycanın zəngin tarixini və mədəni irsini əks etdirən təqdimat stendi qurulub, burada milli atributlar, nəşrlər və ölkəmizi tanıdan müxtəlif materiallar nümayiş etdirilib.