CƏMİYYƏT
Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin və narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Mütəllim Babayev əməliyyat nəticəsində yaxalanıb. Onun üzərinə baxış zamanı 5,695 qram marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikilidə əlavə olaraq 3 kiloqram 200 qram heroin, 104,17 qram marixuana, həmçinin elektron tərəzi və müvafiq sənədləri olmayan “Magnum” markalı ov tüfəngi aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəfael Hüseynov Bakıxanov qəsəbəsində tutulub. Polis əməkdaşları onun əlindəki idman çantasına baxış keçirən zaman 5 kiloqram 150 qram qurudulmuş marixuana aşkarlayaraq götürüblər. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri Buzovna qəsəbəsində əkdiyini və satmaq məqsədilə qurutduğunu bildirib.
Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.