15 may - Beynəlxalq Ailə Günü muxtar respublikada da qeyd olunmuşdur
Naxçıvan, 15 may (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov demişdir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə 15 mayın Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar vermişdir. Müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə təsis olunan bu tarixi gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da geniş qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar-siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin məsləhətçisi Turqayə Əliyeva Beynəlxalq Ailə Günü münasibətilə muxtar respublikada yaşayan ailələri təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Ramilə Seyidova muxtar respublikada ailələrə göstərilən diqqət və qayğıdan danışmışdır. Demişdir ki, muxtar respublikada bütün sahələrdə sürətli və dinamik inkişaf gedir. Əldə olunan uğurlar və nailiyyətlər ailələrin, o cümlədən qadın və uşaq problemlərinin həllinə güclü zəmin yaratmışdır. Bu gün muxtar respublikada 87256 ailə yaşayır. Bunlardan 1353-ü qaçqın və məcburi köçkün, 263-ü isə şəhid ailəsidir. Bütün kateqoriyalardan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.
Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda ailəsinin 60, 50, 45 ili tamam olan xoşbəxt ailələrimiz çoxdur.
Uzunömürlü, gənc ailələrin nümayəndələri, Azərbaycan Vətən müharibəsində öz sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin başçıları çıxış etmişlər. Onlar muxtar respublikada ailələrə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupunun nümunəvi çıxışları xoş ovqat yaratmışdır.
Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirdiyi “Milli-mənəvi dəyərlərə söykənən Azərbaycan xalqının ailə institutu-genofondumuzun daşıyıcısı kimi” adlı elmi məqalə və rəsm müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr verilmişdir.
######
