REGİONLAR
Ov edərkən nələrə diqqət yetirmək lazımdır? - Sarı Su gölündən reportaj VİDEO
İmişli, 2 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Ov mövsümü açıq elan olunduqdan sonra ovçular təbiətə üz tutublar. Belə məkanlardan biri də Sarı su gölüdür. Ərazi baxımından böyük olan bu göl, həm də şirinsululuğu ilə seçilir. İl ərzində buraya qışlamaq üçün 300-350 min müxtəlif növ quş köç edir.
Ov zamanı əsas diqqət əlbəttə ki, təhlükəsizliyə yönəlməlidir. AZƏRTAC-ın bölgə müxbiri peşəkar ovçularla həmsöhbət olub, təhlükəsizlik qaydaları və ovun necə seçilməsi ilə maraqlanıb.
Ovçu Zaur İsmayılov söyləyir ki, yalnız icazə verilən quşları ovlamaq olar: “Ağ və qızıl qaz, sultan toyuğu, leylək, ağ naz kimi quşları ovlamaq qəti qadağandır. Yəni, il boyu bunları ovlamaq olmaz. Dimdiyi göy, gözləri ağ ördəklər də var ki, onları da ovlamaq qadağandır”.
Ov zamanı düzgün müşahidənin aparılması xüsusilə vacib amildir. Bu məqsədlə əvvəlcə bir neçə ərazi müəyyən edilir və həmin ərazilərdən biri seçilir. Daha sonra quşların hərəkət istiqaməti öyrənilir. Bu zaman müxtəlif vasitələrdən istifadə olunur.
“Ovçuluğa yeni başlayan yoldaşlar yalançı ördəkdən istifadəyə diqqət yetiməlidirlər. Çünki ördəklər arasında məsafə olmalıdır. Ara məsafəsi qoymalısan ki, quş özünə yer seçə bilsin, gəlib ortaya düşə bilsin. Quşlar adətən sübh tezdən və ya gün batdıqdan sonra, Ay işığında hərəkət edir. Ovçunun hazırlıqları dan yeri sökülməmiş başlanmalıdır”, - deyə həmsöhbətimiz bildirir.
Vacib məqamlardan biri də əraziyə uyğun geyim seçməkdir ki, şikar duyuq düşməsin. Ova iki və daha çox şəxs çıxıbsa, ara məsafəsinə əməl edilməlidir. Bir yoldaş digərindən minimum 250-300 metr məsafədə dayanmalıdır ki, atılan qırma ilə bir-birilərinə xəsarət yetirməsinlər.
Ov zamanı mövqe tutmaq da vacib şərtdir. Yeri müəyyən edərkən öndə olan qamışlar elə səviyyədə seçilməlidir ki, quş gələndə görə biləsən. Ovçu Malik Əliyev deyir ki, ov edərkən hansı patrondan istifadə olunmasını bilmək də vacibdir: “Biz bilirik ki, burada ördəkdir, qaşqaldaqdır, ona görə də 4 və 5 nömrə qırmadan istifadə edirik. Quşa məsafəyə görə güllə atmaq lazımdır. Əsas hədəf 25-35 metrdən seçilməlidir. Çünki 40 metrdən açılan atəş zamanı ehtimal ola bilər ki, quş yaralanar və yaxınlıqdakı qamışlığadək uçaraq orada itər. Onu qamışlıqda tapmaq isə həm çətindir, həm də əlavə vaxt itkisidir”.
Qeyd edək ki, ölkə ərazisində ov mövsümü fevral ayının sonunda başa çatır. Amma bu müddət ərzində nəzərə alınmalı daha bir məqam da var. Bunun üçün əvvəlcə xüsusi lisenziya olmalıdır. Həmçinin yalnız icazə verilən məkanlarda ov etmək olar.