Şabranda meşədə ağacları kəsən 4 nəfər saxlanılıb VİDEO
Şabran, 2 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabranda meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qorğan kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən R.Əmrullayev, S.Ağayev, H.Quliyev və Q.İsmiyevi saxlayıb.
Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər meşə massivində yetişən yaş gövdəli fıstıq ağaclarını kəsərək, R.Əmrullayevə məxsus “Zil 131” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.