CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə tədbir keçirilib VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə fevralın 18-də tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2005-ci il 18 fevral tarixli Sərəncamına əsasən, DSX-nin Sahil Mühafizəsinin yaradılması ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının genişlənməsi, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daima ali diqqətin göstərilməsi sayəsində yüksək nəticələrin əldə olunması qeyd edilib.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün əlamətdar olan bu günün Vətən müharibəsində tarixi Qələbənin təntənəsinin yaşandığı dövrə təsadüf etməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq Qələbəsi ilə başa çatmasının DSX-nin bütün şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissləri ilə qarşılandığı vurğulanıb.
Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermənistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçilərinin göstərdikləri qəhrəmanlıqlar, “Harop” və digər zərbəendirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkarlıqla tətbiqi nəticəsində düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qürur hissi ilə qeyd olunub, işğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının keşiyində böyük şərəf hissi ilə duran dənizçi sərhədçilərin bundan sonra da xidməti tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.
Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.