CƏMİYYƏT
Paytaxt polisi ictimai nəqliyyatda və dayanacaqlarda cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib VİDEO
Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində əsasən ictimai nəqliyyatda və ticarət obyektlərində cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakinləri Zita Zolotoryeva və Şavan Bəşirov saxlanılıblar. Onlarla bağlı həyata keçirilən tədbirlərlə həmin şəxslərin müxtəlif vaxtlarda 11 nəfərin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, Z.Zolotoryevanın cibgirlik edəndən sonra götürdüyü əşyaları Ş.Bəşirova ötürdüyü, sonuncunun isə hadisə yerindən uzaqlaşdığı müəyyənləşdirilib. Həmin iki şəxsin cinayətlərinin bir neçəsi müşahidə kameraları ilə lentə alınıb. Onlar ifadələrində cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaların içindəki sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtda mağazalarda satdıqlarının qeyd ediblər. Saxlanılan zaman Z.Zolotoryevanın üzərindən əlavə olaraq bir büküm metamfetamin də aşkarlanıb.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Tural Həsənov cibgirlik etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Əldə edilən kamera görüntülərindən və T.Həsənovla bağlı aparılan əməliyyat tədbirlərindən sonra müəyyən edilib ki, o, paytaxt ərazisində son bir neçə ay ərzində ictimai nəqliyyatlarda, dayanacaqlarda 14 nəfərin cibindən, həmçinin əl çantasından pul, bank kartları və sənədlər oğurlayıb.
T.Həsənov saxlanılan zaman onun üzərindən 5 qrama yaxın metamfetamin də aşkarlanıb.
Aşkarlanan faktlarla bağlı saxlanılan şəxslər barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Z.Zolotoryeva, Ş.Bəşirov və T.Həsənovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Bakı Şəhər Baş Polis İdarəsinə və ya 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.