Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulaq açılıb VİDEO
Kürdəmir, 6 aprel, AZƏRTAC
Kürdəmirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Həşimli Cəmil Əflatun oğlunun xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq şəhidin bir vaxtlar təhsil aldığı 3 saylı orta məktəbin həyətində inşa edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda 30 illik işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edən igid oğlanlarımızın qəhrəmanlıqlarından söhbət açılıb. Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını, erməni işğalçılarının öz layiqli cəzalarını aldıqlarını söyləyib.
Şəhidin anası Simuzər Həşimli göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, şəhid gizir Həşimli Cəmil Əflatun oğlu 1995-ci ildə Kürdəmir rayonunda anadan olub. İlk təhsilini şəhər 3 saylı orta məktəbdə alıb. Üç qardaşın ikincisi olan Cəmil həmişə qardaşlarına və anasına arxa olub, xüsusi bacarığı ilə fərqlənib. Həqiqi hərbi xidmətini 2013-cü ildə Astara rayonunda sərhədçi olaraq keçib. Xidməti başa vurduqdan sonra bu sahəyə olan həvəsi onu yenidən hərbçi olmağa sövq edib. Beləcə o, hərbi kurs keçib, orduda gizir kimi fəaliyyətə başlayıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlananda döyüşlərə qatılıb. Füzulinin, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda şərəfli döyüş yolu keçib. Təəssüf ki, döyüşlərin birində Cəmil düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.