CƏMİYYƏT
Şəmkirdə yol polisi təhlükəsizlik tədbirlərini davam etdirir VİDEO
Bakı, 6 may, AZƏRTAC
Şəmkirdə yol polisi təhlükəsizlik tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi nəzarət-profilaktiki tədbirlər keçirilir.
Bu tədbirlər nəticəsində bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan artıq olduğu üçün atmosferi çirkləndirməsi aşkarlanıb. Həmin sürücülər inzibati məsuliyyətə cəlb ediliblər. Vətəndaşların diqqətinə bir daha çatdırılıb ki, istifadələrindəki nəqliyyat vasitələrinin yanacaq sistemi saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edilməlidir.
Dövlət Yol Polisi əməkdaşları piyadalarla da profilaktiki söhbət apararaq, onlara səkilərdən və piyada keçidlərindən istifadənin həm özlərinin, həm də digər şəxslərin təhlükəsizliyi üçün vacibliyini bildiriblər.
Şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb. Xəbərdarlıqlara baxmayaraq, karantin rejimi qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbir görülüb.