Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub VİDEO
Bakı, 6 may, AZƏRTAC
Nazirlər Kabinetinin 2021-2022-ci illər üçün yeni növ koronavirus (COVID-19) əleyhinə qəbul etdiyi Vaksinasiya Strategiyasının əsas prinsipləri könüllülük, şəffaflıq, təhlükəsizlik, ədalətlilikdir. Həmin şərtləri qorumaq və ona əməl etməklə yanvarın 18-dən ölkəmizdə vaksinasiya genişmiqyaslı şəkildə və uğurla aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.
T.Musayev bildirib ki, səhiyyə işçilərinin 90 faizə qədəri peyvənd olunub. Təhsil sektorunda çalışanlar da həmin rəqəmə yaxınlaşır. Son iki həftə ərzində çarpayı fondunda yatan xəstələrin sayı getdikcə azalır. Reanimasiyada yatan yaşlı xəstələrin sayı getdikcə azalsa da, hələ arzu olunan sürət yoxdur. Bu, yaşlı əhalinin həmin xəstəliyi daha ağır keçirməsi ilə əlaqədardır.
“Dünyada vaksin uğrunda mübarizə gedir. Ölkələri arasında vaksinlərin bölgüsü qeyri-ədalətli aparılır. Buna baxmayaraq ölkə Prezidenti İlham Əliyevin müdrik siyasəti və nüfuzu sayəsində ölkəmiz vaksinlərlə davamlı olaraq təmin edilir”, - deyə səhiyyə nazirinin birinci müavini bildirib.