200 AZƏRBAYCANLI GƏNC TÜRKİYƏNİN MÜXTƏLİF UNİVERSİTETLƏRİNDƏ TƏHSİLLƏRİNİ BAŞA VURMUŞLAR
AZƏRTAC xəbər verir ki, bu günlərdə 200 azərbaycanlı gənc Türkiyənin müxtəlif universitetlərində təhsillərini başa vurmuşlar. Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyəti və Həmrəyliyi dərnəyinin sponsorluğu ilə ölkəmizin Ankaradakı səfirliyində məzunlar üçün buraxılış tədbiri keçirilmişdir.
Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov məzunları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Səfirliyin təhsil üzrə ataşesi Nəcibə Nəsibova təhsil naziri Misir Mərdanovun təbrik məktubunu oxumuşdur.
İstanbul Texniki Universitetinin nüfuzlu fakültələrindən biri olan Təyyarə və Kosmik Elmlər Fakültəsini universitetin tarixində ən yüksək balla bitirmiş ilk məzun-azərbaycanlı tələbə Teymur Sadığova dərnək, eləcə də səfirlik tərəfindən xüsusi xatirə hədiyyələri təqdim edilmişdir.
Azərbaycanlı məzunlar ölkə Prezidenti İlham Əliyevin çağırışına uyğun olaraq təhsillərini başa çatdırdıqdan sonra fəaliyyətlərini Vətəndə davam etdirəcəklərini bildirmişlər.