DÜNYA
2025-ci ildə Rusiyada dövlət qulluqçuları üçün ümumi insan resursları platforması yaradılacaq
Bakı, 6 noyabr, AZƏRTAC
2025-ci ildə Rusiyada dövlət qulluqçuları üçün neyron şəbəkə alqoritmləri ilə ümumi insan resursları (HR) platforması yaradılacaq. 2030-cu ilə qədər hakimiyyət orqanlarının 60 faizinin və məmurların 50 faizinin ona qoşulması planlaşdırılır.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, söhbət kadrların seçilməsi və həvəsləndirilməsi sisteminin, eləcə də işçinin nailiyyətlərini əks etdirəcək rəqəmsal profilinin işlənib hazırlanmasından gedir. Hökumət izah edir ki, platforma eyni anda bir neçə İT sisteminin bir hissəsi olacaq. Bu məqsədlə 8 milyard rubl (80 813 647 dollar) ayrılması planlaşdırılır.
Ekspertlər platformanın xidmət strukturları üçün xərcləri optimallaşdırmaq və onların işinin şəffaflığını artırmaq üçün lazım ola biləcəyini ehtimal edirlər. Mütəxəssislər eyni zamanda xəbərdarlıq edirlər: platformanın mövcud resurs ekosisteminə sonrakı inteqrasiyası ilə bağlı çətinliklər yarana bilər. Bu cür sistemlər milyonlarla şəxsi məlumat saxlandığı üçün çox vaxt haker hədəfinə çevrilir.