20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
Tbilisi, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Mərasimdə ziyalılar, ictimaiyyət nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək faciənin başvermə səbəbləri, acı nəticələri barədə məlumat verib. Bildirib ki, 20 Yanvar faciəsi antiazərbaycan qüvvələrin xalqımıza qarşı başlatdığı mənfur siyasətin davamı idi. Amma həmin qüvvələr xalqımızın mübarizə əzmini, azadlığını boğa bilmədi. Ona görə də deyə bilərik ki, 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açıb.
Diplomat qeyd edib ki, 20 Yanvar faciəsinə ilk ən kəskin etirazı ulu öndər Heydər Əliyev bildirib. Ümummilli Liderimiz təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək sərt bəyanatla çıxış edib. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə hüquqi, siyasi qiymət verilib.
Səfir faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.
Sonra Marneuli rayonunun meri Teymur Abasov çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələrindən, xalqlarımızın oxşar tarixindən, ortaq dəyərlərindən söz açıb.
Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və başqaları 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar. Bildirilib ki, xalqların azadlıq uğrunda mübarizə əzmini qırmaq olmaz. Qan bahasına əldə edilən müstəqillik əbədi olur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi