20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq
Bakı, 18 yanvar, AZƏRTAC
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri, institutun şöbə rəisi Xıdır İbrahimov bildirib ki, xalqımız Qanlı Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadır. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldılar.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edildiyini xatırladan X.İbrahimov diqqətə çatdırıb ki, sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələr təşkil olunur, 20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd edilir.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 20 Yanvar faciəsinin şahidi kimi, həmin günlərdə baş verən prosesləri diqqətə çatdırıb. Sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini bölüşən T.Əhmədov faciənin yaranma səbəbləri və Qanlı Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan YAP Yasamal rayon təşkilatının sədri ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb: “Bakının ən hündür hissəsində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Ulu Öndərin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilib və onların ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məkrli siyasətin əsas tərkib hissələrindən biri olduğunu bildirib. İllər ötdükcə bu faciənin hadisənin mahiyyətinin daha aydın şəkildə nəzərə çarpdığını söyləyən V.Rəhimzadə deyib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş İttifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı: “Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi”.
V.Rəhimzadə diqqətə çatdırıb ki, hadisələrin ertəsi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan etdi, qanlı faciəni pislədi, günahsız insanlara qarşı törədilən bu amansız qətliamı xəyanət adlandırdı: “Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdu. Milli Məclis həmin il martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul edib. Bundan sonra hər il 20 Yanvar hadisələri ilə bağlı həm ölkə daxilində, həm də dünyanın müxtəlif ölkələrində səfirliklərimiz, diaspor təşkilatlarımız tədbirlər keçirir, faciə ilə bağlı həqiqətləri dünyaya çatdırırlar”.
V.Rəhimzadə vurğulayıb ki, 20 Yanvar şəhidləri Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnəkdirlər. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin uğrunda canlarını qurban verdikləri Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.
İnstitutun əməkdaşları Əbdülağa Qurbanov və Elnur Hacıyev çıxışlarında bildirdilər ki, 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət vermək yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub. İmperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar qırğını Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.