20 Yanvar tariximizə həm də qəhrəmanlıq günü kimi daxil olub
Yevlax, 17 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycan xalqının tarixinin qanla yazılmış səhifələrindən biridir. Həmin gün tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Yevlax şəhər Mədəniyyət Mərkəzinin birgə keçirdiyi tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib, qanlı hadisələrdən bəhs edən filmə baxıblar.
Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev, Bərdə regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Rafiq Məmmədov və YAP Yevlax rayon təşkilatı idarə heyətinin üzvü Rafiq Əliyev çıxış edərək, Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı ölkəmizdə keçirilən tədbirlərin gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu böyükdür.
Tədbirdə 20 Yanvar faciəsinin şahidi olmuş Cahid Nəbiyev və Fəridə Həsənovanın qanlı hadisələrlə bağlı xatirələri dinlənilib. İştirakçılara 20 Yanvar faciəsini əks etdirən bukletlər paylanılıb.