20 Yanvar xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilmişdir.
ASK-dan AZƏRTAC-a bildirmişlər ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfederasiyanın baş katibi Natəvan Məmmədova 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı bəşər tarixində ən ağır cinayətlərdən birinin törədildiyini, günahsız insanların öldürüldüyünü, bunun bəşər tarixində ən böyük faciələrdən biri olduğunu diqqətə çatdırmışdır.
ASK-nın baş katibinin müavini Mehman Mehmanov, konfederasiyanın baş məsləhətçisi Fuad Hümbətov çıxış edərək 1980-ci illərin axırlarında Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyətdən, 20 Yanvar faciəsindən danışmışlar. Natiqlər bu qanlı hadisəyə ilk olaraq ulu öndər Heydər Əliyevin münasibət bildirdiyini və məhz Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyini xatırlatmışlar.
Vurğulanmışdır ki, xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar eyni zamanda qəhrəmanlıq səhifəsidir. Biz qanlı Yanvarı milli hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.
Mərasimdə qeyd olunmuşdur ki, bir vətəndaş olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması üçün əlimizdən gələni əsirgəməməliyik.