SİYASƏT
Azərbaycanlı deputat Avropada hüquq-mühafizə orqanlarının həddən artıq güc tətbiqinin qarşısını almağa çağırıb VİDEO
Strasburq, 28 aprel, AZƏRTAC
Demokratiyanın çoxillik ənənəyə malik olduğu ölkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının dinc və əks-nümayişlərə nəzarət zamanı, eləcə də qanunsuz miqrasiya axınının idarə edilməsində zərurilik, mütənasiblik, ehtiyatlılıq və ayrı-seçkiliyə yol verməmə prinsiplərini pozaraq həddən artıq güc tətbiq etməsi məyusluq doğurur. “Qaraların həyatı önəmlidir” (The Black Lives Matter) siyasi hərəkatı sübut edir ki, Avropada polisin həddindən artıq güc tətbiq etməsi, sadəcə, fərdi hadisələrlə bağlı deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun yaz sessiyasında “Hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq, əsassız güc tətbiqinə qarşı mübarizə aparmaq və onun qarşısını almaq” adlı məruzənin müzakirələri zamanı deyib.
Azərbaycanlı deputat belə bir vəziyyətlə bağlı, yəni polisin gücdən həddindən artıq istifadə etdiyinə görə Fransanın tənqidlə üzləşdiyini bildirib. Qeyd edilib ki, 2016-cı ildə "Nuit debout" kimi tanınan nümayişlər zamanı polis qeyri-mütənasib güc tətbiq edib. Media və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı 2018-ci ildə “sarı jiletlər” hərəkatında çoxsaylı polis zorakılığı halları barədə məlumat verib. 2020-ci ildə Sedrik Çuviatınin Parisdə polis tərəfindən həbs edildikdən sonra zorakılığa məruz qalaraq ölümü ilə bağlı mətbuatda məlumatlar dərc olunub.
“Sadalayacağım misallar Avropada polisin sistemli xoşagəlməz davranışının müxtəlif nümunələrini göstərəcək. Belə vəziyyətlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz etməyən insan kütləsini həbs edərkən, səlahiyyətlərini aşmışlar. Bir çox şərhçinin müşahidə etdiyi kimi, bu hadisələr polis davranışının arxasında gizlənən ayrı-seçkiliyə görə baş verir. Bunlara, həmçinin əks-nümayişlərin zorakılığa çevrilməsinin qarşısının alınmaması, xüsusən də irqçilik, ksenofobiya, antisemitizm, millətçilik və ya homofobiya motivli etirazlar da daxildir”,- deyə K. Cəfərov polis zorakılığının bəzi pərdə arxası səbəblərini açıqlayıb.
Diqqətə çatdırılıb ki, Avropada miqrant böhranının hər dövründə, izdihamın idarə edilməsi tədbirləri zamanı polis zorakılığı özünü göstərir. 2015-ci ildə qaçqın böhranı zamanı miqrant axınını dayandırmağa çalışarkən, Avropa Şurasının bəzi üzv dövlətlərində hüquq-mühafizə orqanları xüsusi vasitələrdən istifadə edərək, miqrant kütlələrinə müqavimət göstəriblər. Məsələn, 2015-ci ildə polis tərəfindən bir çox suriyalı qaçqın qadınlara, uşaqlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilərək, müqavimət göstərilib. 2017-ci ildə isə Fransada Kalenin “Böyük Cəngəlliyində” yaşayan miqrantlar polis zorakılığına məruz qaldıqlarını bildiriblər. Yunanıstanda 2015-ci ildəki miqrant böhranının təkrarlanmasının qarşısını almaq üçün məhkəmədən kənar gizli miqrant saxlama yerləri olduğu bildirilib. Yunanıstan polisi və təhlükəsizlik qüvvələri, o cümlədən silahlı mülki şəxslər işgəncə, ayrı-seçkilik, irqçilik əleyhinə qanunların pozulması, cinsi zorakılıq və miqrantlara fiziki təzyiq göstərməkdə günahlandırılıb.
“Avropadan qeyd etdiyim faktlar bizi düşünməyə və gücdən həddən artıq istifadənin qarşısının alınması üçün səmərəli və yenilənmiş hüquqi infrastrukturu təmin etmək üçün birgə səylərimizi birləşdirməyə vadar edir. Buna görə də, müzakirə etdiyimiz hesabat Avropa Şurasına üzv dövlətləri haqlı olaraq, onların daxili qanunvericiliyinin və təcrübələrinin beynəlxalq hüquqi prinsiplərə uyğunluğunu yoxlamağa çağırır”, - deyə K. Cəfərov çıxışında qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq