23 İYUN – DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI GÜNÜ
23 iyun - Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür. Dövlət qulluqçularının peşə bayramı günü Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən qeyd edilir.
İyunun 23-nün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı elan olunması haqqında qərar BMT Baş Məclisinin tövsiyələri nəzərə alınaraq qəbul edilmişdir.
Dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, habelə vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda görkəmli dövlət xadiminin əvəzsiz xidmətləri olmuşdur. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit edir, dövlət həyatının bütün sahələrini tənzimləyən zəruri qanunvericilik bazasının yaradılmasına təkan verir. 2000-ci ildə qəbul olunan “Dövlət qulluğu haqqında” Qanun isə bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlar qazanılmışdır. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.