Xaçmazda fındıq yığımına başlanılıb - REPORTAJ VİDEO
Xaçmaz, 13 avqust, AZƏRTAC
Xaçmazın fındıq bağlarda məhsuldarlıq ötən illə müqayisədə 20-30 faiz azdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən fındığın toplanmasına başlayıblar.
Hazırda məhsul yığımının qızğın çağıdır. Bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir.
Ağacdan yığılan fındığın bir kiloqramı qabıqlı şəkildə 1,6-1,8 manata, qabığından açılmış vəziyyətdə isə 3 manata satılır. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Ötən il məhsulun bir kiloqramı 8 manata kimi bahalaşmıdı. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Fındıq bağının sahibi Erkan İsmayılov bildirir ki, yığım hələ bir ay da davam edəcək.
“Bir neçə gündür məhsul yığımına başlamışıq. Bu il məhsuldarlıq nisbətən zəifdir, ötən illə müqayisədə təxminən 20-30 faiz azdır. Biz məhsulu özümüz toplayırıq. Bağı böyük olanlar yığıma günəmuzd işçilər cəlb edirlər. Fındığın bir kiloqramını 50-60 qəpiyə yığırlar. Məhsul vaxtında toplanmasa, ağacların dibinə tökülür, itki çoxalır. Biz məhsulu toplayıb, anbarda saxlayırıq. Payız-qış aylarında qiymət daha sərfəli olur”, - deyə E.İsmayılov vurğulayıb.
Yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatlardan istifadə olunur. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindəndir. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayondakı fındıq bağlarının ümumi sahəsi 11 min hektara yaxındır. Bu bağların 492 hektarı intensiv üsulla becərilir. Təsərrüfatçılar hər mövsüm rayon bağlarından 8-9 min ton məhsul əldə edirlər.
Müxbir- Elxan Yusifli