Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
İstanbul, 29 sentyabr, AZƏRTAC
BMT-nin 81-ci Baş Assambleyası və Nyu-York İqlim Həftəsi çərçivəsində Türkiyənin COP31-ə ev sahibliyi ilə bağlı Nyu-Yorkda genişmiqyaslı təqdimat proqramı təşkil olunub.
Tədbirlər BMT-nin iqlim dəyişmələri ilə mübarizə üzrə əsas platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci Tərəflər Konfransının (COP31) tanıdılmasına həsr edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirlərdə Türkiyənin COP31 baxışı və iqlim gündəliyi təqdim olunub, “Türk Evi” və Nyu-Yorkun müxtəlif məkanlarında sərgilər, təqdimatlar və interaktiv nümayişlər təşkil edilib.
“Türk Evi”ndə COP31-in rəmzi olan “Caretta” dəniz tısbağalarının süni intellekt əsaslı təqdimatı, konfrans məkanının üçölçülü maketi və “LET’S COP – Türkiyənin İqlim Səyahəti” ekspozisiyası nümayiş etdirilib.
“Times” Meydanında da COP31-in təbliği istiqamətində tədbirlər keçirilib. Nyu-Yorkdakı “Glasshouse” məkanında isə Türkiyənin iqlim siyasətinə və təbiətə həsr olunmuş sərgi təşkil edilib.
Bununla bağlı açıqlama verən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri, COP31-in Sədri Murat Kurum bildirib ki, tədbirlər çərçivəsində Türkiyənin COP31 baxışı Nyu-Yorkda geniş şəkildə tanıdılıb.