66 saylı Biləsuvar seçki dairəsində seçkilərə hazırlıq işləri yekunlaşıb
Biləsuvar, 9 aprel, Mahir Babayev, AZƏRTAC
Aprelin 11-nə təyin olunan prezident seçkilərinə hazırlıq işləri Biləsuvar rayonunda başa çatıb.
66 saylı Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının sədri Əzizağa Hətəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairənin əhatə etdiyi 44 seçki məntəqəsində 48 min 670 seçici qeydə alınıb, siyahılar çap olunaraq məntəqələrə paylanılıb. Dairə üzrə 1104 gənc ilk dəfə səsvermə hüququndan yararlanacaq. Səsvermə günü yaşı 100-dən yuxarı 4 seçici səsvermədə iştirak edəcək. Bütün məntəqələr zəruri texniki və metodik vasitələrlə, elektrik enerjisi, rabitə və yanğın təhlükəsizliyi ilə təchiz olunub. Maarifləndirici plakatlar və seçici siyahıları məntəqə ərazilərində hamının tanış ola biləcəyi yerlərdən asılıb. Seçicilərin səsvermə günü öz iradələrini sərbəst şəkildə bildirməsi üçün məntəqələrdə kabinələr qoyulub.
Seçki dairəsi nəzdində fəaliyyət göstərən 9 saylı məntəqənin sədri Mehman Rzayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məntəqədə seçki günü 1430 seçicinin səsvermədə iştirak etməsi nəzərdə tutulub. Seçicilərin sərbəst səsvermələri və komissiya üzvlərinin normal fəaliyyəti üçün məntəqədə bütün işlər seçki məcəlləsinə uyğun şəkildə təşkil olunub. Seçici siyahıları, əyani vəsaitlər məntəqənin girəcəyində asılıb, bildirişlər seçicilərə çatdırılıb. Bir sözlə, seçki günü seçicilərin məntəqədə öz iradələrini azad şəkildə bildirmələri üçün heç bir problem olmayacaq.