İQTİSADİYYAT
İyunun 1-dən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcəkdir VİDEO
Bakı, 26 may (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” QSC 2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı iyunun 1-dən etibarən respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər edəcəkdir.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, 55/56 və 95/96 nömrəli Bakı-Moskva sürət qatarlarının yola düşmə-çatma vaxtları və Bakıdan yola düşmə günləri dəyişdirilir. İyunun 1-dən etibarən 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə Bakıdan cümə axşamı və 95/96 nömrəli sürət qatarı isə “Rusiya Dəmir Yolları” ASC-yə məxsus heyətlə Bakıdan çərşənbə axşamı və şənbə günləri saat 00.30-da yola düşəcəkdir. Qatar Moskvaya saat 04.15-də çatacaq və saat 20.20-də Moskvadan çıxacaqdır. 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı həftənin çərşənbə axşamı saat 06.00-da, 95/96 nömrəli sürət qatarı isə bazar ertəsi və cümə günləri saat 06.00-da Bakıya çatacaqdır.
369/370 nömrəli Bakı-Xarkov sərnişin qatarı (“Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus) qatarı ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcəkdir. Müvəqqəti olaraq hər iki istiqamətdə 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarının marşrutu dəyişdirilmişdir. Bununla əlaqədar, ləğv olunanadək Qorlovka, Konstantinovka, Kramatorsk, Slavyanski Kurort, Krasnıy Liman, Bukino stansiyalarına bilet satışı dayandırılır. Bilet satışı İlovaysk stansiyasından sonra yalnız Xarkov sərnişin stansiyasına aparılacaqdır.
373/374 nömrəli Bakı-Tümen sərnişin qatarının (“Rusiya Dəmir Yolları” ASC-yə məxsus) hərəkəti günaşırı öz hərəkət cədvəli və sxemi üzrə saxlanılır. Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonları yeni trafaretlə hərəkət edəcəklər. Novosibirsk-Bakı birbaşa vaqonu il boyu, günaşırı təyin olunur. Yay mövsümündə yeni Orenburq-Bakı birbaşa vaqonu təyin edilir. 373/374 nömrəli Bakı-Tümen qatarının marşrutunda dəyişiklik də olunacaqdır. Bununla əlaqədar Volsk, Balakovo, Puqaçovsk stansiyalarına bilet satışı dayandırılacaq və əvəzində Kulatka, Vozrojdeniye, Sızran şəhər stansiyalarına bilet satışı təşkil ediləcəkdir.
391/392 nömrəli Bakı-Rostov sərnişin qatarı (“Rusiya Dəmir Yolları” ASC-yə məxsus) ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcəkdir.
38/37 nömrəli Bakı-Tbilisi sərnişin qatarı isə (“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcəkdir.
Yerli istiqamətdə hərəkət edən 98/97 nömrəli Bakı-Ağstafa-Qazax qatarı saat 22.45-də Bakıdan yola düşəcək və saat 10.25-də Qazaxa çatacaqdır. Qatar saat 18.35-də Qazaxdan yola düşəcək və saat 07.10-da paytaxtda olacaqdır.