74-cü Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 150 şirkətin stendi yer alacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
74-cü Beynəlxalq Astronavtika Konqresi üçün sərgi pavilyonunun quraşdırılması sürətlə davam edir. Sərgi pavilyonunun ümumi ərazisi 7800 kvadratmetrdir. Onun təxminən 4250 kvadratmetrlik hissəsində stendlər qoyularaq satışlar həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinə həsr olunmuş brifinqdə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin (IAC2023) layihə rəhbəri Rəna Cəfərova deyib.
R.Cəfərova bildirib ki, burada “Azərkosmos”la yanaşı, sponsor və partnyorlarının da stendləri olacaq: “Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən Konqresləri geridə qoyub.
Sərgi pavilyonunda 150 şirkətin stendinin yerləşdirilməsi gözlənilir. Bu stendlərdə 36 ölkənin təmsilçiləri olacaq. Layihəyə 30-a yaxın sponsor dəstək verir. Çinin Astronavtika Cəmiyyəti (CSA) ölkənin kosmos sahəsində əldə etdiyi tərəqqini nümayiş etdirmək üçün Bakıda keçirilən “IAC 2023”də dünyanın ən vacib kosmik tədbirinin baş sponsorudur”.