Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı elektron ərizələrin qəbuluna başlanılır VİDEO
Bakı, 18 iyul (AZƏRTAC). Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə müvafiq əmrinə əsasən, Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan məktəblərə iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılır.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, elektron ərizələrin qəbulu avqustun 20-dək davam edəcək.
Elektron ərizə qəbulu üçün vətəndaşlar www.bakuedu.az saytında yerləşdiriləcək ərizə formasını dolduraraq uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəkilini də əlavə etməlidirlər.
“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.