İDMAN
Quba Milli Qolf Klubu dünya səviyyəli yarışa ev sahibliyi edir VİDEO
Quba, 31 iyul (AZƏRTAC, Elxan Yusifli). Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” keçirilir.
AZƏRTAC xəbər verir ki, iyulun 31-də Quba Milli Qolf Klubunda “European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 72 ölkədən 156 oyunçu birincilik uğrunda mübarizəyə başladı.
Turnirdə topa ilk zərbəni vuran Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov idmançılara mötəbər yarışda uğurlar dilədi. Federasiya prezidenti bildirdi ki, “Challenge Tour” hər il 42 ölkədə keçirilir. Bundan sonra bu yarış ənənəvi olaraq hər il Azərbaycanda da təşkil olunacaq. Qolf Azərbaycanda idmanın yeni tanınmaqda olan növü olsa da, qısa müddət ərzində bu sahədə böyük uğurlara imza atılıb. Ölkəmizdə artıq qolf üzrə sayca ikinci yarış keçirilir. Əsas məqsədlərdən biri 2016-cı ildə Rio de Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarında Azərbaycan qolfçularının iştirakını təmin etmək və ölkəmizi beynəlxalq qolf aləminə tanıtmaqdır.
Dörd gün davam edəcək turnir 18 dəlikli “Stroke Play” formatında keçirilir və yarışda yalnız peşəkar kişi qolfçular mübarizə aparırlar. Hər “Challenge tour” mövsümünün sonunda Top-15 yeri tutan qolfçular növbəti mövsümdə “European Tour”da oynamaq hüququ qazanırlar.
Turnirin mükafatlandırma mərasimi avqustun 3-də olacaq.