REGİONLAR
Şimal bölgəsindən olan nəzarətçi-müəllimlər üçün treninqlər davam edir VİDEO
Xaçmaz, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Xaçmaz Regional Bölməsi tərəfindən şimal bölgəsindəki rayonlardan olan nəzarətçi-müəllimlər üçün treninqlər keçirilir.
AZƏRTAC xəbər verir ki, treninqlər fevralın 4-5-də Quba, 9-da Şabran, 11-də Siyəzən, 13-də isə Qusar rayonunda keçirilib. Xaçmaz rayonunda isə treninqlərə fevralın 16-da başlanıb. Məşğələlərdə “Nəzarətçilərin elektron qeydiyyatı sistemi”ndə qeydiyyatdan keçən nəzarətçi-müəllimlər iştirak edirlər.
Treninqlərdə zal nəzarətçisinin hüquq və vəzifələri, davranış qaydaları, imtahan prosesi, abituriyentlərlə işin təşkili və digər zəruri məsələlər diqqətə çatdırılır. Təlimlər zamanı real imtahanda tətbiq edilən sənədlərdən istifadə olunur, komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film nümayiş etdirilir.
TQDK-nın Xaçmaz Regional Bölməsinin müdiri Elmir Şirinov AzərTA-ca bildirib ki, şimal bölgəsindəki rayonlardan ümumilikdə 850-dən çox nəzarətçi-müəllimin treninqlərdə iştirakı nəzərdə tutulub.
Regionda növbəti treninqlər fevralın 20-də Xızı rayonunda təşkil ediləcək.