8 Noyabr - Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsi
Bakı, 7 noyabr, AZƏRTAC
8 Noyabr Zəfəri Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsidir. Bu Zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri və Azərbaycan xalqıdır.
Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, 8 Noyabr Zəfəri öz böyüklüyü, prinsipiallığı, regional və qlobal hadisələrə təsir gücünə görə unikaldır: “Bu Zəfər Azərbaycanın hərb və dövlətçilik tarixində müstəsna yeri olan bir hadisədir. Bu, bir çox parametrlərinə görə xalqımızın dövlətçilik tarixindəki bütün zəfərləri üstələyir. Həmin amillərdən biri 8 Noyabr Zəfərinin 200 illik erməni həyasızlığına, soyqırımı və təcavüz siyasətinə ən effektiv cavab olmasıdır. Azərbaycanın qazandığı bu möhtəşəm Zəfər erməni faşizminə ölümcül zərbə endirdi, onun dayaqlarını sarsıtdı. Azərbaycan bununla sübut etdi ki, onunla güc vasitəsilə danışmaq istəyənlərin aqibəti hər zaman acınacaqlı olur”.
Polkovnik bildirib ki, işğaldakı torpaqların azad edilməsi Azərbaycana köçkün probleminə son qoymağa, həmin ərazilərin iqtisadi potensialından yararlanmağa imkan verdi: “İşğaldakı torpaqların azad edilməsi ilə Azərbaycan 30 ilə yaxın erməni qəsbkarlarının nəzarətində olan ərazilərin mina və digər döyüş sursatlarının təmizlənməsinə start verdi. İndi də davam edən minatəmizləmə prosesinə paralel olaraq, həmin ərazilərdə geniş quruculuq işləri aparılır. Məhz bunun nəticəsində artıq yüzlərlə ailə işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılıb, onların məşğulluq problemi, sosial təminatı və s. kimi məsələlər dövlətimiz tərəfindən həll edilir”.
Müsahibimiz daha sonra deyib: “Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından geniş istifadə edərək xalqımızın rifahının daha da yaxşılaşmasına çalışır. Artıq Qarabağda onlarla müəssisə fəaliyyət göstərir, kənd təsərrüfatı və sənaye ilə bağlı yeni-yeni istehsalat sahələri yaradılır. Müasir Azərbaycan Türk dünyası ailəsinin bir üzvü kimi sürətlə inkişaf edir, böyük və yeni uğurlara imza atır. İllər, əsrlər sonra da 8 Noyabr Zəfəri xalqımız üçün yeni mənəvi stimul olacaq, bizi yeni qələbələrə və yeni uğurlara ruhlandıracaq”.