Vergilər naziri Yardımlıda vətəndaşlarla görüşüb VİDEO
Bakı, 20 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşlarla görüşür, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə görüş mayın 20-də nazir Fazil Məmmədov tərəfindən Yardımlı rayonunda Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar üçün keçirilib.
Görüşdə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Görüş zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.