İQTİSADİYYAT
Azadlıq prospektinin bir hissəsi təmirdən sonra nəqliyyat üçün açılıb VİDEO
Bakı, 23 may, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Azadlıq prospektinin bir hissəsi “Azəravtoyol” ASC tərəfindən təmir olunaraq istifadəyə verilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təmir olunmuş hissənin uzunluğu təqribən 500 metrdir və Ziya Bünyadov prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişmələri arasında yerləşir.
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 11 min kvadratmetr ərazi asfaltlanıb.
Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib.
Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqlar yaradılıb. “Cib”li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.
Hazırda prospektin digər hissələrində təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
İlkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır.