REGİONLAR


Əhalinin zəngin təcrübəsi Ağdaşda pambıqçılıq və baramaçılığın dirçəldilməsinə zəmin yaradır VİDEO

İşçi qrupunun üzvləri fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərini öyrənmək məqsədilə Ağdaş rayonunda olublar

Ağdaş, 1 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişini, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərini, həmçinin aqrar sektorun inkişaf perspektivlərini öyrənmək və operativ tədbirlər görmək məqsədilə yaradılan işçi qrupunun üzvləri iyunun 1-də Ağdaş rayonunda olublar.

AZƏRTAC xəbər verir ki, işçi qrupunun rəhbəri, Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi əvvəlcə Abad, Ağzıbir və Pirəzə kəndlərində pambıqçılıq və baramaçılıqla məşğul olan kəndli fermer təsərrüfatlarına, taxıl əkini sahələrinə baxış keçirib, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.

Sonra Ağdaş Rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.

Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Ağdaşda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda işlərin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, kənd təsərrüfatının perspektivlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayonda pambıqçılıq və baramaçılığın dirçəldilməsi istiqamətində tədbirlər görülüb. Bu il 1154 hektar sahədə pambıq əkilib. Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş ipəkqurdu toxumları gətirilərək yerli kümçülərə paylanılıb. Bir neçə gündən sonra barama tədarükünə başlanılacaq. Taxıl biçini kampaniyasının gedişi barədə məlumat verən icra hakimiyyətinin başçısı deyib ki, indiyədək 200 hektar sahədə arpa biçilib. Hər hektarda məhsuldarlıq 27-29 sentnerdir. Biçinə 45 kombayn və digər kənd təsərrüfatı texnikaları cəlb edilib.

Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Bildirilib ki, Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin olunmasını, bu məqsədlə aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsulları istehsalçılarına, fermerlərə lazımi şəraitin yaradılmasını, onlara dövlət dəstəyinin artırılmasını mühüm vəzifə kimi qarşıya qoyub. Hazırda dövlət və hökumət orqanları dövlətimizin başçısının müvafiq tapşırıqlarının icrası, mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Bu müşavirə yerlərdə aqrar sektorun perspektivlərini bilavasitə fermerlərin, mütəxəssislərin, müvafiq təşkilatların nümayəndələrinin iştirakı ilə araşdırmaq, hədəfləri müəyyənləşdirmək məqsədi daşıyır.

Ağdaş rayonunun ölkənin kənd təsərrüfatı sahəsində özünəməxsus ənənələrə malik bölgələrdən biri olduğunu vurğulayan Azər Əmiraslanov deyib: “1981-ci ildə Ağdaşda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı və bu, rayonun pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçdi. Bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Ötən illə müqayisədə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Eyni sözləri baramaçılıq haqqında da demək olar”. Əminliklə bildirilib ki, dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və əhalinin müvafiq təcrübə və təsərrüfat vərdişləri hər iki sahənin sürətli inkişafını təmin edəcək.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün dövlətin imkanları hesabına fermerlərə maliyyə yardımı göstərilir, subsidiyalar verilir. “Aqrolizinq” ASC yaradılıb, fermerlər texnikanı lizinq yolu ilə alırlar, gübrə ilə təminat yaxşılaşdırılır. Çalışmaq lazımdır ki, fermerlərə ayrılan hər bir subsidiya ünvanlı olsun, ondan səmərəli istifadə edilsin. Məhsul istehsalçılarının maliyyə yardımlarından və subsidiyalardan yetərincə yararlanması üçün hazırda müvafiq dövlət qurumları tərəfindən konkret addımlar atılır, qərarlar qəbul edilir.

Müşavirədə torpaqlardan səmərəli istifadənin vacibliyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi torpaq fondunun 55 faizini təşkil edir. Torpaqlardan təyinatı üzrə istifadə olunması həllini gözləyən vacib məsələlərdəndir. Bu sahədə fermerlərin də üzərinə müəyyən vəzifələr düşür. Təsərrüfat işləri zamanı aqrotexniki qaydalara əməl olunmalı, torpaqlardan istifadə ilə bağlı ümumi şərtlər gözlənilməlidir.

Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması, kənd təsərrüfatı texnikalarının alınması, toxum və gübrə ilə təminat və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.

Müşavirədə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin böyük məsləhətçisi Ruslan Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müzakirəyə çıxarılan məsələlərlə bağlı fikirlərini bildirib, fermerlərin və sahibkarların suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.