ELM VƏ TƏHSİL


AMEA-da “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da AMEA-da “Şuşa İli”nə həsr olunmuş “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Akademiyanın elmi müəssisə və təşkilatlarında ardıcıl olaraq tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, beynəlxalq elmi konfransın əsas məqsədi Qarabağla bağlı aparılan elmi tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim olunmasıdır.

O, həmçinin dekabr ayında AMEA Rəyasət Heyətinin “Şuşa İli”nin yekunlarına həsr olunmuş xüsusi iclasının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

“Hesab edirəm ki, “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans “Şuşa İli”nə sanballı elmi töhfələri ilə seçiləcək”, - deyən akademik İsa Həbibbəyli tədbirdə təqdim olunacaq məruzələrin əhəmiyyətindən bəhs edib, konfransın işini yüksək qiymətləndirib. O, konfransın Memarlıq və İncəsənət İnstitutunun “Şuşa İli”nə təqdim etdiyi tədqiqatlar ilə bağlı hesabat xarakteri daşıdığını vurğulayıb. Alim əlavə edib ki, böyük ictimai-siyasi əhəmiyyətə malik olan və ölkə Prezidentinin çağırışlarına cavab verən bu konfransda səsləndiriləcək fikirlər, müddəalar, mühüm elmi nəticələr, eyni zamanda, Qarabağın Azərbaycan torpağı olduğunu bir daha sübut edən materiallardır.

Memarlıq və İncəsənət İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışında Qarabağın Azərbaycanın mühüm tarixi ərazilərindən biri olmaqla yanaşı, həm də milli incəsənətimizin, mədəniyyətimizin təşəkkül tapdığı bölgələrindən olduğunu qeyd edib. Azərbaycan mədəniyyətinin formalaşmasında Qarabağın əvəzsiz rola malik olduğunu deyən institutun baş direktoru zəngin memarlıq irsi ilə seçilən bu bölgədə yer alan tarixi-memarlıq abidələrinin yaşının yüz illərlə ölçüldüyünü vurğulayıb. O, Qarabağın əsrlər boyu bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri olduğunu qeyd edərək Qarabağ memarlıq məktəbinin bu istiqamətdə fəaliyyətindən danışıb.

Ərtegin Salamzadə tədbirin Qarabağın mədəniyyəti, memarlığı və incəsənət irsinin tədqiqi baxımından əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə akademik Zemfira Səfərova “Şuşa Azərbaycanın musiqi mədəniyyətidir”, professor Kübra Əliyeva “Şuşa sənət beşiyidir. Şuşa xalçaları və onların dünya mədəniyyətində yeri”, türkiyəli alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ahmet Aytac “Ornament quruluşu baxımından Qarabağ və Anadolu xalçaları”, Kanadadan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Polina Desyatniçenko “Qarabağ səsinin təsiri və fenomenologiyası”, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Babaşov “Şuşanın şəhərsalma problemləri” mövzularında məruzə ilə çıxış ediblər.

Konfransda, həmçinin “Şuşa şəhərinin tarix muzeyinin yaradılması Qarabağ bölgəsinin tarixi-mədəni irsinin təbliğinə mühüm töhfə kimi”, “Azərbaycan heykəltəraşlığında qəhrəmanlıq mövzusu (Qarabağ müharibəsi kontekstində),”, “Təsviri sənətdə Qarabağ mövzusu: minordan majora”, “Qarabağda mədəni siyasətin əsas istiqamətləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Beynəlxalq tədbirdə Qazaxıstan, Özbəkistan, Türkmənistan və Kanada alimlərinin də məruzələri dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.