REGİONLAR


Ağcabədili pambıqçılar məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar VİDEO

Ağcabədi, 28 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini başa çatmaq üzrədir. Bu il məhsuldarlıq göstəricisini daha da yüksəltməyi qarşılarına məqsəd qoyan ağcabədili fermerlər çiyid səpini ilə yanaşı, bitiş alınan sahələrdə becərmə işləri də həyata keçirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə rayon ərazisində 10 min 986,2 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Rayonda fəaliyyət göstərən “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə müqavilə bağlayan fermerlər artıq 10 min 600 hektardan artıq sahədə çiyid səpini həyata keçiriblər. Səpilən çiyid toxumlarından yaxşı bitiş alınıb. Hazırda pambıq sahələrində seyrəltmə və kultivasiya işləri aparılır, yemləmə gübrəsi verilir.

Ötən il hər hektardan orta hesabla 37,5 sentner məhsul götürən fermer Famil Quliyev bu il məhsuldarlığı daha da yüksəltməyi qarşıya məqsəd qoyub: "Pambıqçılıq gəlirli sahədir. Yaxşı gəlir götürmək üçün yüksək məhsuldarlıq əldə etmək lazımdır. Odur ki, becərmə işlərini lazımi qaydada yerinə yetiririk. Bu il 95 hektar sahədə çiyid səpini həyata keçirmişəm. Gözəl bitiş alınıb. Hazırda kultivasiya işi görür, sahəyə gübrə veririk. Qarşıya məqsəd qoymuşam ki, 40 sentnerdən yüksək məhsuldarlığa nail olum".

Ağcabədinin pambıq sahələrində aqrotexniki tədbirlər uğurla həyata keçirilir. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq sortları əkilib ki, bu da gələcəkdə bol məhsul üçün zəmin yaradır.

Bol məhsul həm də becərmə işlərinin vaxtında və keyfiyyətlə aparılmasından asılıdır. Bu işdə fermerlərlə yanaşı, mexanizatorlar da xüsusi əmək sərf edirlər. Mexanizator Aydın Kərimov bildirib ki, çiyid səpinində də iştirak edib. Hazırda isə becərmə işləri həyata keçirir: "Bu il 260 hektar sahədə çiyid səpmişəm. İndi isə kultivasiya işləri görürük. Sahələrin vəziyyəti yaxşıdır. İnanıram ki, məhsuldarlıq keçən ilkindən də yüksək olacaq".

Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Ötən il Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq becərilib. 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.