ELM VƏ TƏHSİL


Akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaradıb

Bakı, 21 avqust, AZƏRTAC

Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, “Şöhrət” və “İstiqlal” ordenli, akademik Bəkir Nəbiyevin anadan olmasının 88 illiyi tamam olur.

AZƏRTAC xəbər verir ki, B.Nəbiyevin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətləri əvəzolunmazdır. Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaradan alim bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf edib. Klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlərin müəllifi olan akademik B.Nəbiyev zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. 1987-ci ildən 2001-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi vəzifəsində çalışmış görkəmli ədəbiyyatşünas alim 2003-cü ildə АМЕА-nın müşaviri seçilib və həmin dövrdən ömrünün sonunadək akademiyanın Ədəbiyyat İnstitutuna rəhbərlik edib. Onun rəhbərliyi ilə 40 alim fəlsəfə doktoru və elmlər doktoru üzrə dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edib.

Akademik B.Nəbiyev 51 kitabın, 800-dən artıq məqalə və resenziyanın müəllifidir. Alimin “Firudin bəy Köçərlinin həyat və yaradıcılığı”, “Ədəbi düşüncələr”, “Tənqid və ədəbi proses”, “Kamalın təntənəsi”, “Roman və müasir qəhrəman” və s. kitabları elmi-ədəbi ictimaiyyət tərəfində dönə-dönə təqdir edilib. Görkəmli alim ədəbi-tənqidi məqalələrinə görə tənqidçilər arasında “Qızıl qələm” mükafatını alan ilk Azərbaycan tənqidçisidir. O, “Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı” mövzusunda tədqiqatına, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” monoqrafiyasına görə 1978-ci və 2010-cu illərdə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb. Həmçinin ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə “Xalqlar dostluğu” ordeni ilə təltif edilib.

Akademik B.Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və tənqidçi kimi ədəbiyyatımızın tarixində əbədi qalmaq haqqını qazanmış insanlardandır. Ədəbiyyatımızın və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından olan alim ədəbiyyatın elə bir sahəsi yoxdur ki, orada sözünü deməmiş olsun. Alimin fikirləri ədəbiyyatşünaslığımız üçün həmişə qiymətli mənbə olaraq qalacaq. Akademik B.Nəbiyevin qoyub getdiyi zəngin ədəbi irs daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.