MƏDƏNİYYƏT
Atatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olub
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın müasir yazarlarının əsərlərdən ibarət kitabın nəşri” adlı layihə əsasında ingilis dilində hazırlanmış “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihə çərçivəsində Azərbaycanın müstəqilliyi dövründə yazıb-yaradan müasir şairlərin ingilis dilinə tərcümə olunmuş əsərlərindən ibarət örnəklər antologiya şəklində ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri və kitabın tərtibçisi “Türk dünyası İnfo” İB-nin sədri, jurnalist, şair Dəyanət Osmanlı, məsləhətçisi, akademik Nizami Cəfərov, “Ön söz”ün müəllifi, professor Bədirxan Əhmədli, redaktoru, filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayevadır. Antologiyada ümumilikdə 34 şairin 150-dən çox şeiri yer alıb. Şeirləri ingilis dilinə İlahə Abdullayeva, Sevil Gültən, Kamran Nəzirli, Məsmə İsmayılova və başqaları tərcümə ediblər.
“Türk dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı layihənin həyata keçirilməsinə dəstək verən QHT Şurasına, könüllü iştirakçılara təşəkkür edərək bildirib ki, layihə Azərbaycanın müstəqillik dövrünün tanınmış müasir şairlərinin əsərlərindən ibarət örnəkləri ingilis dilinə çevirib, antologiya şəklində nəşr etməklə yaradıcılıq nümunələrimizin beynəlxalq aləmdə tanıdılmasına istiqamətlənib. “Təqdim etdiyimiz layihənin məqsədinə uyğun olaraq ədəbiyyatımızın təbliği sahəsində problemi diqqətlə öyrənmiş və həlli yollarını müəyyən edə bilmişik. Topladığımız təcrübəyə əsaslanaraq qeyd edə bilərik ki, nə qədər ədəbiyyat var, əsərlər yazılırsa, onların ən dəyərlilərinin müxtəlif dillərə çevrilərək beynəlxalq aləmdə təbliği işi aktuallıq kəsb edəcək. Bu tanıtım ədəbiyyatımızın dünyaya inteqrasiyası, həm təbliği, həm də mədəniyyətlərin təmasında özünün zənginləşməsi deməkdir. İctimai birlik olaraq bundan əvvəllər də ədəbiyyatımızın xaricdə tanıdılması istiqamətində bir sıra təşəbbüsləri reallaşdırmışıq. Belə ki, QHT Şurasının dəstəyi ilə müasir Azərbaycan şairlərinin əsərləri tərəfimizdən Türkiyə türkcəsinə və gürcü dillərində irihəcmli antologiyalar hazırlanaraq Ankarada və Tbilisi şəhərlərində ictimaiyyətin diqqətinə təqdim olunub. Bu cür layihələri gələcəkdə də davam etdirməyi düşünürük”, - deyə layihə rəhbəri qeyd edib.
Tədbirdə Paşa Qəlbinur, Elbariz Məmmədli, İlham Qəhrəman, Seymur Verdizadə, Qəşəm Nəcəfzadə, Xanəmir Telmanoğlu və başqaları çıxış edərək antologiyanın müstəqillik dövr ədəbiyyatımızın təbliğinə və araşdırılmasına mühüm töhfə olduğunu, bu cür təşəbbüslərin artırılmasına və dəstək verilməsinə ehtiyac duyulduğunu vurğulayıblar. Layihənin həyata keçirilməsi dövlətimizin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyi ciddi dəstəyə yeni nəsil yaradıcı insanlarının ictimai platformadan müsbət reaksiyası kimi dəyərləndirilib.
Qeyd edək ki, “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın aparıcı kitabxanalara, tələbə gənclərə, ictimai-sosial qurumlara, diplomatik nümayəndəliklərə paylanılması nəzərdə tutulub. Bu toplu ilə ədəbi dairələr, tələbə-gənclər, elmi araşdırmaçılar (qurumlar) müasir Azərbaycan poeziyasının azadlıq, milli özünüdərk prosesində rolunu əks etdirən poetik materiallarla, müstəqillik illərində ədəbiyyata gəlmiş bir sıra tanınmış şairlərin yaradıcılıq nümunələri, düşüncələri ilə tanış ola biləcəklər.