Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib VİDEO
Bakı, 12 fevral, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC
Fevralın 12-də Azərbaycan Milli İncəsənət Muzeyi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan tədbirdə tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova Elmira Axundovanın zəngin yaradıcılıq yolundan söhbət açıb.
Sonra tədbir çərçivəsində yazıçının yaradıcılığına həsr olunmuş videoçarx, eləcə də şəxsi arxivindən hazırlanmış virtual fotoalbom nümayiş etdirilib.
Qeyd olunub ki, Xalq yazıçısı Elmira Axundovanın əsərlərinin qəhrəmanları sırasında Ümummilli Lider Heydər Əliyev və onun həyat yoldaşı, görkəmli alim Zərifə Əliyeva, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Xalq yazıçıları İmran Qasımov, İsmayıl Şıxlı, Mirzə İbrahimov, Natiq Rəsulzadə və Anar, şair-jurnalist Tahir Aslanlı, dünyaşöhrətli yazıçı Oljas Süleymanov, fotojurnalist, Əməkdar mədəniyyət işçisi Fərid Xayrullin, KVN komandasının kapitanı Anar Məmmədxanov, dünyada ilk və ən böyük Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova və digər tanınmış şəxslər yer alır.
Lətifə Məmmədova yazıçının “Heydər Əliyev. Şəxsiyyət və Zaman” tədqiqat-romanından sitat gətirərək bildirib ki, Heydər Əliyev Elmira Axundova üçün təkcə böyük idarəçilik məktəbi, planetar miqyaslı şəxsiyyət, lider və dövlət başçısı deyil, eyni zamanda, iradə nümunəsi, yol göstərən bir çıraqdır.
Xalq yazıçısı Natiq Rəsulzadə çıxışında Heydər Əliyev haqqında kitab yazmağın böyük xoşbəxtlik olduğunu vurğulayıb.
“Elmira xanımla uzun illərdir dostluğumuz var. Onun yaradıcılığı haqqında çox danışmaq olar. Amma mən xüsusən gördüyü işlərin miqyasını qeyd etmək istəyirəm. Elmira xanımın Heydər Əliyevə həsr etdiyi altıcildlik əsər böyük zəhmət və məsuliyyət tələb edən sanballı bir işdir. Çünki Heydər Əliyev haqqında yazmaq – sözün həqiqi mənasında böyük xoşbəxtlikdir”, – deyə o bildirib.
Tədbir çərçivəsində oxucuları maraqlandıran suallar cavablandırılıb, səmimi fikir mübadiləsi aparılıb. Gecə bədii hissə ilə davam edib.
Tədbirin sonunda Xalq yazıçısı Elmira Axundova kitablarını iştirakçılara hədiyyə edib.