İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş heç kəs cəzasız qalmayacaq - ŞƏRH
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycana qarşı çoxsaylı ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının barəsində çıxarılan məhkəmə hökmü mühüm hüquqi və siyasi hadisədir. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxsləri ədalət mühakiməsinə cəlb etmək, buna nail olmağın özü ədalətin təntənəsi, haqq və hüququn qələbəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov söyləyib.
Onun sözlərinə görə, 1988-ci ildən etibarən ermənilərin Azərbaycan əleyhinə başlatdığı elan olunmamış bu müharibədə insanlıq əleyhinə bir sıra cinayətlər törədilib, soyqırımlar həyata keçirilib. Burada xüsusilə Xocalı soyqırımını qeyd etmək lazımdır. O zaman bu hadisə bütün dünyanı titrətsə də beynəlxalq təşkilatlar və böyük dövlətlər səssiz qalmağı tərcih etmişdilər. Amma Azərbaycan xalqı bilirdi ki, qisas qiyamətə qalmayacaq. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımını törədənlərin mütləq ədalət məhkəməsi qarşısında cavab verəcəklərini bildirir, buna əminliyini ifadə edirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də bütün çıxışlarında torpaqlarımızın mütləq işğaldan azad olunacağını, xalqımıza qarşı bəşəri cinayətlər törədənlərin ədalət mühakiməsinə çıxarılacağını deyirdi. Vaxt gəldi çatdı. Dövlətimizin başçısının apardığı uğurlu müdrik siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu. Ərazi bütövlümüz, suverenliyimiz tam təmin olundu. Bütün bunlarla bərabər əli Azərbaycan xalqının qanına batan bir qrup cinayətkar həbs edilərək hakim qarşısına çıxarıldı”.
E.Məmmədov qeyd edib ki, Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkən kimi ifadə verib: “Onların Qarabağda, xüsusilə də Xocalıda törətdikləri bəşəri cinayətlərin detalları barədə danışdım. Onu da qeyd etdim ki, bu dəhşətli hadisələrin hamısı Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin nəticəsidir”.
Deputat qeyd edib ki, tarixin müxtəlif dövrlərində insanlığa qarşı cinayətlər törətmiş, xalqların, millətlərin əleyhinə müharibə cinayətləri, soyqırımlar işləmiş şəxslər bəzi hallarda ədalət məhkəməsindən yaxa qurtara biliblər. “Biz tarixdə İkinci Dünya müharibəsindən sonrakı dövrlərdə də belə hadisələrin çox şahidi olmuşuq. Bəşəri cinayətlər törətmiş bəzi nasistlər uzun müddət sonra, ötən əsrin 80-90-cı illərində tapılıb həbs olunur, mühakimə edilirdilər. Mən inanıram ki, Xocalı soyqırımında iştirak etmiş, əli günahsız insanların qanına batmış digər şəxslər, Zori Balayan kimi türk düşmənləri, Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan, Vitaliy Balasanyan kimi canilər də tezliklə hakim qarşısında cavab verəcəklər. Onlar da vaxt gələcək Azərbaycan qanunları qarşısında mühakimə olunacaqlar və layiqli cəzalarını çəkəcəklər”, - deyə E.Məmmədov əlavə edib.