ELM VƏ TƏHSİL
Aydın Kazımzadə: Beynəlxalq Avrasiya Konfransı BDU-nun beynəlxalq əlaqələrinə töhfə verəcək
Bakı, 27 avqust, AZƏRTAC
“Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının Bakı Dövlət Universitetində (BDU) keçirilməsi bizim üçün fəxrdir. BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə reallaşdırılan konfrans universitetimizin beynəlxalq əlaqələrinin genişlənməsinə də töhfə verəcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə deyib.
O bildirib ki, konfransın əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.
“Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd edilir. Bu konfrans da universitetin 100 illiyinə həsr olunub. Avqustun 30-dək davam edəcək konfransa yüksək səviyyədə hazırlaşmışıq. İnanıram ki, konfrans işini uğurla davam etdirib, müsbət nəticələrlə yekunlaşacaq”, - deyə Aydın Kazımzadə qeyd edib.