ELM VƏ TƏHSİL


Azərbaycan Ədəbiyyatı Muzeyində Cümhuriyyətin siyasi fəaliyyətindən bəhs olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Şanlı və kədərli yüzillər” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycanın tarixində əhəmiyyətli rol oynamış ilk milli, parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa vaxtda apardığı mühüm siyasi, diplomatik fəaliyyətdən bəhs edib. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığını xatırladan R.Hüseynov qeyd edib ki, həmin dövrdə bolşevik-daşnak qüvvələri Bakı başda olmaqla, ölkənin bir çox bölgəsini işğal altında saxlayır, ermənilər müsəlmanlara qarşı qırğınlar planlaşdırır, eyni zamanda, Bakı neftinə görə ingilislər şəhəri ələ keçirmək istəyirdilər.

Akademik belə gərgin məqamda Osmanlı dövlətinin Baş komandan vəkili və hərbi naziri Ənvər paşanın əmri ilə Qafqaz İslam Ordusunun yaradıldığını və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün həmin ordunun ölkəmizə göndərildiyini diqqətə çatdırıb. Bakının 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun yardımı ilə qanlı döyüşlər nəticəsində bolşevik-daşnak qüvvələrindən azad edildiyini deyən R.Hüseynov bu əlamətdar hadisənin Azərbaycan tarixinin ən həlledici məqamlarından biri olduğunu söyləyib.

Alim Qafqaz İslam Ordusunun Beşinci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəyin “Anadolu ordusu Azərbaycan əsgəri ilə birgə ölkənin istiqlalı və istiqbalı uğrunda canla-başla mübarizə apardı” sözlərini xatırladaraq, türk əsgərlərinin şücaətinin daima xalqımız tərəfindən uca tutulduğunu bildirib. Qeyd edilib ki, məhz SSRİ dövründə Azərbaycan-Türkiyə münasibətlərinə əngəllər törədilib, Qafqaz İslam Ordusu işğalçı kimi məktəb dərsliklərində təbliğ olunub. Aparılan bütün təbliğatlar hədəfinə çatmayıb və yerli xalqın şüurundan “türkün qəbri” ifadəsi heç bir zaman silinməyib. Ağsu, Şamaxı, Hacıqabul, Kürdəmir və Gəncə ətrafında şəhid olmuş türk əsgərlərinin qəbirləri mütəmadi olaraq xalq tərəfindən ziyarət edilib.

Akademik R.Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yerləşdiyi binanın tarixi hadisələrə şahidlik etdiyini və Azərbaycan hökumətinin ilk Nazirlər Kabinetinin burada yerləşdiyini diqqətə çatdırıb.

Muzeyin direktoru Bakı və bütövlükdə Azərbaycanın istiqlalı uğrunda canından keçmiş türk əsgərlərinin adlarının küçə və məktəblərə verilməsinin, onlar haqqında bədii əsərlərin yazılmasının, filmlərin çəkilməsinin, həmçinin qəhrəmanların şərəfinə kompleks heykəlin qoyulmasının zəruriliyini vurğulayıb.

Sonda muzeyin komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Cümhuriyyət dövrü Azərbaycanın maarifçi qadınları”, ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yiğitoğlunun “İstiqlalın hərb yaddaşı” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.