Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanır
Pekin, 16 sentyabr, AZƏRTAC
Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında diplomatik əlaqələrin təməli 1992-ci ilin aprelində qoyulsa da, münasibətlər sözün həqiqi mənasında ulu öndər Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri ilə inkişafa başlayıb.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü, əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə 2-ci dövlət olan Çin ilə münasibətlərin inkişafı Prezident İlham Əliyevin də diqqətində olub. Dövlətimizin başçısı bir neçə dəfə Çində səfərdə olub və təbii ki, həmin səfərlər zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər sayəsində iki ölkə arasında qarşılıqlı siyasi etimad təmin edilib, müxtəlif sahələrdə faydalı əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan-Çin münasibətləri dövlət başçılarının da dediyi kimi strateji tərəfdaşlıq xarakteri daşıyır, bu əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanır və yüksək inkişaf dinamikası ilə seçilir.
AZƏRTAC Çin-Azərbaycan münasibətlərində bir sıra siyasi və iqtisadi məqamlara nəzər salır.
Rəsmi Pekinin Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə siyasi, iqtisadi, mədəni əlaqələrə necə böyük önəm verdiyini Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyev ilə vaxtaşırı keçirilən görüşlərində, telefon danışıqlarında, ünvanlanan məktublarında qeyd etdiyi fikirlərə nəzər salmaqla müəyyənləşdirmək olar. Məsələn, ötən ilin iyununda dövlət başçılarının telefon danışığı zamanı Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. Cari ilin mayında Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edən Sədr Si Cinpin, hazırda bu münasibətlərin sağlam və sabit şəkildə inkişaf etdiyini deyib. Elə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində sentyabrın 15-də Səmərqənddə Azərbaycan və Çin liderlərinin görüşündə də dövlət başçıları iki ölkə arasında bu il 30-cu ildönümünü qeyd etdiyimiz münasibətlərin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə edib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar. Hər iki ölkənin liderləri Azərbaycan ilə Çin arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıblar.
Dövlət başçılarının Səmərqənd görüşünü şərh edən Çin Qloballaşma Mərkəzinin prezidenti Van Huyyao bildirib: “Azərbaycan və Çin prezidentlərinin Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində görüşməsi əlamətdar hadisədir. Liderlər ikitərəfli münasibətləri, qarşılıqlı etimadı, əlaqələri necə dərinləşdirmək yollarını müzakirə ediblər. Hər iki liderin məlum səbəblərə görə davam edən fasilədən sonra üzbəüz görüşü böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, iki ölkə arasında çox yaxşı münasibətlər qurulub və bu münasibətlərin inkişafı ilə bağlı tərəflərdə xoş niyyət var. Ümid edirəm ki, Səmərqənddəki yüksək səviyyəli görüşdən sonra Azərbaycan-Çin münasibətlərində inkişaf davam edəcək. Çin Xalq Respublikasının Sədri Si Cinpinin COVID-19 pandemiyası dövründə xaricə ilk səfəri və xaricdə keçirdiyi ilk görüşlər olduğunu nəzərə alsaq, bu zaman Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüşlərin, o cümlədən Azərbaycan Prezidenti ilə görüşün əhəmiyyətini başa düşə bilərik. Hesab edirəm ki, bu görüşlərin müsbət təsiri olacaq”.
Səmərqənd görüşündə Azərbaycanın Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynadığı, ölkəmizin nəqliyyat-logistika imkanlarının beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Tərəflər Azərbaycan üzərindən keçən Çin-Avropa qatarlarının sayının artırılmasının vacibliyini diqqətə çatdırıblar.
Ümumiyyətlə deyə bilərik ki, Azərbaycan-Çin münasibətlərində iqtisadi-ticari əməkdaşlıq xüsusi rol oynayır. Ölkələrimiz enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, elektron ticarət, turizm, investisiya sahəsində uğurla əməkdaşlıq edir. Çinin Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin böyük hissəsi məntiqli olaraq bölgənin lider ölkəsi Azərbaycanın payına düşür. COVID-19 böhranının, Avropadakı müharibənin beynəlxalq yükdaşımalarda yaratdığı çətinliyi nəzərə alsaq, Azərbaycanın nəqliyyat-logistika potensialının Çin-Avropa və əks istiqamətdə yükdaşımalardakı artan mövqeyini görə bilərik. Təsadüf deyil ki, son aylar Çindən Azərbaycandan keçməklə Avropa istiqamətində hərəkət edən bir neçə yeni qatar marşrutu fəaliyyətə başlayıb. Bundan başqa, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə regionda yeni əməkdaşlıq imkanları yaradıb. Bura işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində Çin şirkətlərinin iştirak imkanı, habelə Zəngəzur dəhlizi vasitəsilə yükdaşımalar üçün yeni alternativin yaranması daxildir.
İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün imkanların olduğunu qeyd edən Çin Qloballaşma Mərkəzinin prezidenti Van Huyyao deyib: “Məsələn, enerji sahəsi vacibdir, bildiyiniz kimi, hazırda dünya enerji böhranı ilə üz-üzədir. Bu baxımdan, bizim enerji sahəsində necə əməkdaşlıq edə biləcəyimizi nəzərdən keçirməyimiz çox yaxşıdır. Bundan başqa, dünyada hazırkı həssas vəziyyəti nəzərə alsaq, malların Mərkəzi Asiyadan, Çindən, Avropadan daşınması üçün daha çox nəqliyyat marşrutlarına ehtiyacımız var. Hesab edirəm ki, yeni dəhlizlər, marşrutlar yaradılmalıdır. Bu istiqamətdə Azərbaycandan keçən yollar da mühüm əhəmiyyətə malikdir. Ona görə də ölkələrimiz bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar tapa bilər. Bildiyiniz kimi, Çin ilə Avropa və digər regionlar arasında sıx iqtisadi əlaqələr var. Bu səbəbdən yeni nəqliyyat dəhlizlərinin yaradılması ikitərəfli əlaqələrimizin inkişafına müsbət təsir göstərəcək. Ölkələrimiz həqiqətən gələcək əməkdaşlıq, münasibətlərin daha yüksək səviyyədə inkişafı üçün çalışır. Hesab edirəm ki, Çin və Azərbaycan liderlərinin münasibətlərimizin konkret sahələrdə, o cümlədən infrastruktur, enerji, nəqliyyat istiqamətlərində inkişafı, o cümlədən əməkdaşlığı dərinləşdirəcək yeni yükdaşıma yollarının tapılması üçün səyləri çox əhəmiyyətlidir”.
Beləliklə, iki ölkənin potensialını nəzərə alaraq deyə bilərik ki, Azərbaycan-Çin münasibətləri öz inkişaf dinamikasını qoruyacaq. Bu məsələdə dövlət başçıları İlham Əliyev və Si Cinpinin dostluq münasibətlərini və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı niyyətlərini də nəzərə alsaq, Çin-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı xeyli optimist düşünə bilərik.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin