İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti OPEC-ə Bibiheybət neft buruğunun əksi olan tablo hədiyyə edib
Vyana, 23 iyun, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) Bibiheybət neft buruğunun əksi olan tablo hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclası zamanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əksi olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə olunub.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliklərinə sadiqdir: “Azərbaycan həm də bu təşəbbüsün fəal iştirakçılarından biridir. Azərbaycanda neft hələ qədim dövrdən çıxarılır. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda çıxarılıb. O gündən etibarən neftin yeni dövrü başlayıb və bu günə qədər uğurla davam etdirilir”.
P.Şahbazov iclas iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC nazirləri səviyyəsində tədbirlərdən birinin Bakıda keçirilməsinə dair dəvətini çatdırıb. O qeyd edib ki, bu, hər kəs üçün nəinki Bakıdakı konfransda iştirak etmək, həm də dünyanın neft sənayesinin müqəddəs yeri olan Bakının gözəlliyini görmək üçün gözəl bir imkan olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana